“Təlim keyfiyyətinin yüksəldilməsi” I Beynəlxalq Təlim Konfransı 2016

17 noyabr 2016 - 18 noyabr 2016

"Təlim keyfiyyətinin yüksəldilməsi: Təhsili dəstəkləyən yenilik və innovasiyalar" beynəlxalq konfrans

17-18 noyabr, 2016-cı il tarixlərində Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans keçirildi. 650-dən çox müəllim və təhsil işçisi Avropa Azərbaycan Məktəbinə toplaşaraq beynəlxalq miqyaslı konfransda şagirdlərin təlim nailiyyətlərini artırmaq barədə həm xarici, həm də yerli mütəxəssislərin təqdimatlarını dinlədilər və bölmə seminarlarında təlimin keyfiyyətinin yüksəldilməsinin müxtəlif yolları barədə müzakirələrə qoşuldular. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok konfrans iştirakçılarını salamlayaraq beynəlxalq məruzəçiləri, Bill Martin (ABŞ) və Debra Mastersi (Yeni Zelandiya) təqdim etdi.
Daha sonra konfransın ərsəyə gəlməsində əvəzsiz rol oynamış Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış etdi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin yeni binasının açılmasını əlamətdar hadisə adlandıraraq, bunun Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na bir töhfə olduğunu qeyd etdi.
Tale Heydərovun çıxışından sonra söz digər qonaqlara, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə, ADPU-nun rektoru professor Cəfər Cəfərova və Ukraynada təhsil müəssisələrinin dövlət inspeksiyasının sədri Ruslan Quraka verildi. Ruslan Qurakın çıxışından sonra Konfransın əsas məruzəçisi Bill Martinin çıxışı başladı.
Bill “Uğura nail olan məktəblər” adlı çıxışında məktəblərdə müsbət dəyişikliyin əsasında nəyin durduğunu izah etmək üçün Daniel Kimin perspektivin səviyyələri modelinə müraciət etdi: “Nə qədər ki, insanların fikirləri, həyat təcrübəsi və dəyərlərinə məhəl qoyulmur, heç kəs dəyişikliyə ürəkdən inanıb onun baş verməsi üçün əlindən gələni etməyəcəkdir. Hər bir insanın davranışının arxasında məhz bu amillər durur. Ona görə də məktəbdə dəyişikliyə başlamaq üçün başlanğıc nöqtə sözügedən dəyərlərə əsaslanan və hər kəs üçün ümumi olan hədəfin yaradılması olmalıdır”. Bill öz çıxışı ilə bizləri “öyrənmə boşluğu”na saldı və göstərdi ki, istənilən şəxs yeni işə başlayarkən yaxşılığa doğru getməzdən əvvəl pisə doğru gedir və bunu təbii qarşılamaq və öyrənməyə davam etmək lazımdır.
Konfransın ikinci günü əsas məruzəçi Debra Mastersə söz verildi.
Debra “Təsir göstərmək üçün dəlillərdən istifadə. Görünən təlim üzrə tədqiqat” adlı çıxışında Con Həttinin bugünədək həyata keçirilmiş ən irimiqyaslı və böyük müvəffəqiyyət qazanmış tədqiqat layihələrindən olan “Görünən təlim”in dünyanın müxtəlif ölkələrindəki məktəblərdə real uğurundan danışdı. Hətti tədqiqatında mövcud beynəlxalq tədqiqatlara əsaslanmış və müxtəlif fəaliyyət növlərinin (məs., əks-əlaqə) şagird nailiyyətinə təsirini öyrənmişdir. Buna görə də Hətti müqayisələr aparmaq üçün ümumi şkala yaratmağa ehtiyac duymuşdur. Bu şkala təsir gücü adlanır və istənilən zaman müddətində müvəffəqiyyətin ölçülməsinə imkan yaradan statistik ölçmələrə əsaslanır. O, ən son tədqiqatında təlimə təsir göstərən 250 amil müəyyənləşdirmişdir. Şagird nailiyyətinə təsir edən ən güclü amil müəllim əməkdaşlığıdır. Müəllimlər əməkdaşlıq edərək bununla şagird nailiyyətinə müsbət təsir etməyin mümkünlüyünə inansalar, şagirdlərin öyrənmə sürətini dörd dəfə artırmış olarlar.
Məruzəçilərin çıxışlarından sonra konfransa dair plenar iclas və daha sonra isə konfransın bağlanışı baş tutdu. Plenar iclas zamanı əsas məruzəçilər və konfransın mötəbər qonaqları, Məhəbbət Vəliyeva (BŞTİ-nin müdiri) və Asif Cahangirov (TEAS-ın təhsil məsələləri üzrə müşaviri) iştirakçıların suallarını cavablandırdılar. Daha sonra Məhəbbət xanım bu cür konfrans təşkil etdiyinə, diqqəti kurikuluma, dərsliklərə, resurslara yox, məhz sinifdə gedən təlim prosesinə yönəltdiyinə görə AMİM heyətinə dərin minnətdarlığını bildirdi. O həmçinin BŞTİ-nin AMİM-lə yaxından əməkdaşlıq etdiyini və tədris-təlim prosesini təkmilləşdirmək yolunda artıq ənənəyə çevrilən “Açıq qapı” (2015) və “Məktəb seminarları” (2016) tədbirlərində AMİM-in iştirakını yüksək qiymətləndirdiyini dedi.
İştirakçılar məruzəçilərin çıxışlarından, eləcə də seminarlardan çox razı qaldıqlarını, konfransı yüksək əhval-ruhiyyə ilə tərk etdiklərini və öyrəndikləri səmərəli yanaşma və strategiyaları siniflərində tətbiq etməyə səbirsizləndiklərini söylədilər.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow