AMİM tərəfindən "Öyrənmənin Qiymətləndirilməsi" III Beynəlxalq Təlim Konfransı keçirildi.

20 noyabr 2018

 

16-17 noyabr 2018-ci il tarixlərində Azərbaycan Müəllim İnkişafı Mərkəzi “Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransını keçirdi. 700-dən çox müəllim və təhsil işçisi Avropa Azərbaycan Məktəbinə toplaşaraq şagird nailiyyətini qiymətləndirmək barədə həm xarici, həm də yerli mütəxəssislərin təqdimatlarını dinlədilər və bölmə seminarlarında öyrənmənin qiymətləndirilməsinin müxtəlif yolları barədə müzakirələrdə iştirak etdilər.

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok konfrans iştirakçılarını salamlayaraq məruzəçiləri; Stiven Koksu, (Birləşmiş Krallıq), İngiltərənin Şerinqam Məktəbinin müəllimlərini (Ket Syuell, Hanna Filips, Stiven Kruks və Karli Maquayr), Endi Qriffiti (Birləşmiş Krallıq) və Xədicə Cəfərovanı (Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçisi)  təqdim etdi.

Daha sonra Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov çıxış edərək konfransın təhsil işçiləri üçün əhəmiyyətindən söz açdı. Ənvər Abbasovdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təhsil məsələləri üzrə müşaviri Asif Cahangirova söz verildi və o da öz növbəsində qiymətləndirmənin təhsil sistemində rolundan danışdı.

Asif Cahangirovun çıxışından sonra Konfransın əsas məruzəçisi Stiven Koksun çıxışı başladı. Stiven Koks Yaxın Şərq bölgəsində 12 məşhur qurumdan üçündə yeni məktəblərin açılması, peşəkar inkişaf, texnologiya, biznes sahəsində inkişaf və məktəbin istənilən sahələrinin inkişafı üzrə mütəxəssis kimi aparıcı vəzifələrdə çalışmışdır.

Stiven Koksun ilk məruzəsi, “Formativ qiymətləndirmə - fərdiləşdirilmiş təlim mühitini dəstəkləyən strategiyalar”, fərdiləşdirilmiş təlim kontekstində formativ qiymətləndirməyə və onun iki əsas strategiyası olan frontal sorğu və differensiasiyaya həsr olunmuşdu. S.Koks öz çıxışına ənənəvi və yeni qiymələndirmə növlərini müqayisə etməklə başladı və XXI əsr şagirdi üçün effektiv formativ qiymətləndirmənin nə qədər əhəmiyyətli olduğunu və necə tətbiq oluna biləcəyini konkret misallar üzərində izah etdi.

Konfransın Birləşmiş Krallıqdan olan digər məruzəçisi Endi Qriffit "Yenilənmiş qiymətləndirmə" adlı təqdimatında qiymətləndirmənin tarixinə qısa şəkildə nəzər salaraq öyrənmənin ən yaxşı şəkildə necə qiymətləndirilə biləcəyinə, qiymətləndirmənin məqsəd və təyinatına, effektiv qiymətləndirmənin tərkib hissələrinə praktik nümunələr üzərində təhlillər aparmaqla aydınlıq gətirdi.

Konfransda növbəti əsas məruzəçilər olaraq söz "Ofsted" hesabatında “Ən yaxşı məktəb”  adını qazanmış Şerinqam ibtidai məktəbinin (Birləşmiş Krallıq) 4 nümayəndəsi Ket Syuell (direktor), Hanna Filips (direktor müavini), Stiven Kruks (müəllim) və Karli Maquayra (müəllim) verildi. Məktəbin nümayəndələri sual-cavab xarakterli maraqlı və interaktiv çıxışları ilə öz məktələrinin nümunəsində formativ qiymətləndirməni səmərəli tətbiq etməklə şagird nailiyyətini yüksəltməyin praktik yollarına nəzər saldılar.

Konfransın ikinci günü əsas məruzəçilərə AMİM-in təlimçi müəllimi  Xədicə Cəfərova da qoşuldu. Onun çıxışı formativ qiymətləndirmənin praktikada reallaşdırılmasına həsr olunmuşdu. Xədicə  maraqlı və yaddaqalan təqdimatı ilə Azərbaycan məktəblərində formativ qiymətləndirmənin tətbiqi ilə bağlı bir sıra mühüm problemlərə və onların mümkün həlli yollarına toxundu.

Məruzəçilərin çıxışlarından sonra konfransa dair plenar iclas baş tutdu. Plenar iclas zamanı əsas məruzəçilər və konfransın mötəbər qonaqları, Asif Cahangirov (TEAS-ın təhsil məsələləri üzrə müşaviri), Rəqsanə Məmmədova (TEAS-ın Azərbaycan Nümayəndəliyinin təhsil departamentinin rəhbəri, AzETA-nın rəhbəri) konfransa dair yekun çıxışlarını etdilər və iştirakçılara öz tövsiyələrini verdilər.

Konfransın davamı olaraq noyabrın 18-də konfrans sonrası "master klass" seminarlar təşkil edildi. Hər biri ayrılıqda təxmini 3 saat davam edən seminarlarda həm əsas məruzəçilər, eyni zamanda yerli və müxtəlif ölkələrdən dəvət olunmuş təlimçi və ekspertlər qiymətləndirmə ilə bağlı maraqlı mövzularla çıxış etdilər.

İştirakçılar məruzəçilərin çıxışlarından, eləcə də seminarlardan çox razı qaldıqlarını, konfransı yüksək əhval-ruhiyyə ilə tərk etdiklərini və öyrəndikləri səmərəli yanaşma və strategiyaları siniflərində tətbiq edəcəklərini bildirdilər.

 

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow