UĞUR QAZANDIRAN MƏKTƏBLƏR kitabı haqqında

15 may 2018

Hər bir məktəb direktorunun, valideynin və nəhayət, dövlətin də arzusu məktəblərin qarşıda duran məqsədlərə ən gözəl şəkildə çatmaları və son nəticədə şagirdlərin akademik və həyati bacarıqlara yiyələnmələridir.

Valideynlərin övladlarını evlərinə ən yaxın yerdə yerləşən məktəblərə yazdırdığı zamanlar artıq geridə qalmışdır. Müasir dövrdə valideynlər özlərinə əziyyətli olsa da, övladlarının təhlükəsiz şəraitdə yaxşı təhsil almaları üçün onları çox vaxt uzaqda yerləşsə belə, səsi-sorağı yaxşı gələn məktəblərə yazdırmağa güclü meyl göstərirlər.

Con Edvards və Bill Martinin dilimizə yenicə tərcümə olunan və TEAS Press nəşriyyatı tərəfindən nəfis tərtibatda çap olunan “Uğur qazandıran məktəblər” kitabı məhz bu məsələləri işıqlandırır və məktəb rəhbərlərini idarə etdikləri təhsil ocaqlarının həm icmada, həm də cəmiyyətdə idarəçilik və tədris-təlim sahəsində uğur və nüfuz qazanaraq səs salmasının effektiv yollarını göstərir.

Sizdə belə bir sual yarana bilər, Con və Billin hər ikisi Amerika vətəndaşıdır, onların təklif etdikləri metodika bizim məktəblər üçün nə dərəcədə uyğundur? Cavab birmənalı olaraq belədir: “Tamamilə uyğundur!” “Uğur qazandıran məktəblər” kitabı Con və Billin 6 müxtəlif ölkəni əhatə edən 180-dən çox məktəblə iş təcrübəsindən sonra ərsəyə gəlmiş və istənilən təhsil sistemində yerli əhalinin dəyərlərinə əsaslanaraq məktəbin işini qurmağı nəzərdə tutur.

Kitabda məktəbin bütün əməkdaşları arasında ümumi hədəfə doğru uzlaşmış iş prinsipi yaratmağın sirləri, dəyişikliklər yaratmağın “əlifbası”, dəyişikliklərə müqavimət göstərənlərlə iş, məktəbin real işinin aydınlaşdırılaraq onun reallaşdırılmasına vaxt ayırmağın yolları, liderliyin konkret addımları, məktəbə etibarın yaradılması və ümumiyyətlə, məktəb boyunca dürüst hərəkətin təşviqi və özünəməxsus məktəb mədəniyyətin yaradılması diqqət mərkəzində durur.

“Uğur qazandıran məktəblər” kitabı bizə imkan verir ki, məktəb mədəniyyətinin yaradılmasını taleyin ümidinə buraxmayaraq, istədiyimiz mədəniyyətin məqsədyönlü şəkildə yaradılmasını nəzarətimiz altında saxlayaq və məktəbin hər bir üzvünün onu zənginləşdirməsinin qeydinə qalaq. Məktəb mədəniyyəti mücərrəd anlayış olmayıb, məktəb icmasının hər bir üzvünün dəyərləri əsasında formalaşır. Onun sahib çıxmaq, qayğı göstərmək, etibar yaratmaq, sual vermək, rəy bildirmək və s. kimi mühüm elementləri vardır ki, müəlliflər onların hər birinə ayrı-ayrılıqda toxunaraq onları inkişaf etdirməyin real üsullarını təklif edirlər.

Müəlliflər haqqında.

CON EDVARDS insan potensialını araşdırır və inkişaf etdirir. O, şəxsi araşdırmasını yüksək nailiyyətli təhsil, biznes və idman sahəsində mükafata layiq görülmüş təcrübəyə çevirən, koqnivistika sahəsində araşdırma aparan azsaylı tədqiqatçılardan biridir. Conun araşdırmasından 20 ölkədə istifadə olunur. Bu araşdırma insanların və təşkilatların zəngin təcrübə və biliklərinə hörmətlə yanaşılmasına və onlardan istifadə edilməsinə əsaslanır.
BİLL MARTİN müəllimlər, uşaqlar və məktəblərlə işləməyə böyük həvəs bəsləyir. Gənc yaşlarında təlim prosesində qarşılaşdığı çətinliklərdən stimul alan Bill müəllimlik fəaliyyəti ilə məşğul olmağı seçib. O, Amerika Birləşmiş Ştatlarında müəllim və direktor qismində mükəmməl karyeraya sahib olub. Hazırda o, 6 ölkənin məktəblərində liderlik bacarıqlarının və öyrənmə mədəniyyətlərinin formalaşdırılması prosesini dəstəkləyir.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow